Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələri ilə yanaşı məktəbəqədər və məktəbdənkənar müəssisələrdə yoxlama və monitorinqlər həyata keçirilib. 

Regional Təhsil İdarəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, yoxlama və monitorinqlər əsasən müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizat və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlərlə bağlıdır.

Yoxlamalar nəticəsində Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib. 

Aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına  təqdim edilib. 

Eyni zamanda hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır. 

Qeyd edək ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdiriləcək.