İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. 
İqtisadiyyat.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən il ərzində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə KİV nümayəndələrini məlumatlandırıb. 
Dövlət Xidmətinin fəaliyyət nəticələri barədə məlumat verən Xidmət rəisi bildirib ki, 2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Nəticədə, təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib. 2021-ci illə müqayisədə ötən il qaldırılan işlərin sayı 3 dəfə, baxılması başa çatmış işlərin sayı isə 2,2 dəfə artıb. Antiinhisar halları üzrə qaldırılan işlərin əksəriyyəti mobil telefon və qida məhsulları, haqsız rəqabət halları üzrə isə mühərrik yağlarının idxalı və ticarəti ilə məşğul olan sahibkarlıq subyektləri barədə olub. Qeyd olunub ki, antiinflyasiya tədbirləri çərçivəsində Dövlət Xidməti tərəfindən qarabaşaq, makaron, uzun düyü, mərci, zeytun yağı, marqarin, duz və çörək məhsullarının qiymətində artımlarla bağlı araşdırmalar aparılıb. Duz və qarabaşaq bazarı üzrə baxılması başa çatmış işlər nəticəsində 2 milyon manatadək mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.