Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Niderlandın Cənubi-Hollandiya əyalətində, Şotlandiyanın Eilean-Siar inzibati ərazi vahidində, İngiltərənin Şərqi-Midland regionunda, Amerika Birləşmiş Ştatlarının isə Kentukki və Arkanzas ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.