Quraqlıq probleminin ən çox yaşandığı ölkələrdən biri olan İspaniyada bu il bənd və gölməçələrdə suyun səviyyəsi ilk dəfə 30%-dən aşağı düşüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya Ekoloji Keçid Nazirliyinin həftəlik bülletenində deyilir.
Hazırda ölkənin 40%-də su çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edilib. Xüsusilə su ehtiyatı 19,4% olan Əndəlüsdə və 24,1% olan Kataloniyada su problemi qabarıq şəkildə özünü göstərir.
Statistikaya görə, İspaniyada 1961-ci ildən etibarən ilin ən isti yayı, son 60 ilin isə üçüncü ən quraq ili yaşanır. Bildirilib ki, enerji istehsalı üçün bəndlərdəki su ehtiyatı 56%-dək azalıb, bu da son 10 ilin orta göstəricisindən (64,6%) aşağıdır.
Gözəl Həşimova