Böyük Britaniyanın milli səhiyyə xidməti 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyasına hazırdır.

Vaksinasiya başlamaq üçün Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyindən icazə gözlənilir.

Peyvənd üçün valideyn icazəsi və “yaşa uyğun” şərtlər tələb olunacaq. Böyük Britaniya Nazirlər Kabinetinin Fövqəladə Hallar üzrə Elmi Məsləhət Şurası (SAGE) məlumat verib ki, COVID-19-un yay dalğası zamanı uşaqlar Britaniya yetkinlərinin yoluxmasında “əsas faktora” çevriliblər.

Britaniyada 12-15 yaşlı 1 milyondan çox yeniyetmə “Pfizer – BioNTech” koronavirus peyvəndi ilə vaksinasiya edilib. Bununla belə, dərmanın təsdiqi ilə bağlı mübahisələrlə əlaqədar, krallıqda bu yaş qrupunda peyvəndləmə digər Avropa ölkələri və ABŞ-dan daha gec başlayıb.

Britaniya hökuməti “Omikron” ştammının aktiv şəkildə yayılması fonunda koronavirusun yaratdığı təhlükə səviyyəsini üçüncü səviyyədən dördüncü səviyyəyə (ümumilikdə beş) qaldırıb. Peyvəndin gücləndirici dozası infeksiyanın qarşısını almaqla yanaşı əlavə qorunma təmin etdiyi üçün mütəxəssislər sakinlərə tez bir zamanda gücləndirici peyvəndlər almağı tövsiyə edirlər. Mütəxəssislər əhalini ictimai yerlərdə tibbi maskalardan istifadə etməyə, mütəmadi olaraq koronavirus üçün testlərdən keçməyə və xəstəliyin simptomları aşkar edildikdə özünü təcrid etməyə çağırıb.