Təyyarələrlə xarici ölkələrə səfər edən sərnişinlər bəzən eynəkləri və telefonları kimi kiçik əşyalarını, bəzən isə ağır yüklərini hava limanlarında unudurlar. Həmin əşyaların taleləri itirən şəxslərlə yanaşı, hər birimizə maraqlıdır. İstanbulun hava limanlarında itən əşyaların satıldığı ticarət mərkəzi mövcuddur. "Report"un Türkiyə bürosunun əməkdaşı həmin ticarət mərkəzinə baş çəkib.

Sahibləri tərəfindən unudulan və itən yüklərdən çıxan əşyalar arasında müxtəlif marka və modellərdə saatlar, eynəklər, telefonlar, kosmetik vasitələr, kitablar, musiqi alətləri, ayaqqabılar, paltarlar və yüzlərlə əşyalar mövcuddur. Bunlar, sadəcə, hava limanlarında unudulan əşyalardan bəziləridir.

Türkiyənin aviasiya qanunlarına görə, hava limanlarında və təyyarələrin içində unudulan əşyalar bir il müddətində sahiblərinə təslim edilmək üçün itən əşyalar bürosunda saxlanılır. Daha sonra sahiblərinin gəlib geri almadığı əşyalar elan olunan tenderlərlə satışa çıxarılır. İstanbulda fəaliyyət göstərən hava limanlarında artıq uzun illərdir layihələri qazanan Aziz Korkmaz ailəsi “İtən əşyalar” adını verdikləri maraqlı və zəngin ticarət mərkəzi yaradıblar. Korkmaz ailəsi Türkiyədə həm hava limanlarının, həm də gömrük orqanlarının elan etdiyi tenderlərə qatılırlar.

Ticarət mərkəzinin satıcılarından biri olan Gülüser Kəskin deyir ki, açılan yüklərin içində ən maraqlı əşya gəlinliklər və nişan geyimləridir. Həyəcandan gəlinlər toylarında geyəcəkləri paltarı hava limanında unudurlar: “Görəsən, insan gəlinliyini necə unuda bilər. Sonra düşündüm ki, yəqin gəlinlər çox həyəcanlı olublar. Bazarda qiyməti 2000 lirə olan gəlinlikləri burada 700-800 lirəyə satırıq”. Mağazadan alış-veriş edənlər arasında azərbaycanlı müştərilərin də olduğunu deyən satıcı həmvətənlərimizin daha çox paltar aldıqlarını söyləyir.

Mağazanın müdiri Aziz Korkmaz 1999-cu ildən bu işlə məşğul olduğunu bildirir: "Çox əziyyətli işdir. Bəzən baqajın içindən çör-çöp də çıxır. Biz əşyaları sistemləşdirib bir yerə toplayırıq".

Təbii ki, sahiblərini gözləyən əşyalara qoyulan qiymətlərin bazar qiymətindən daha ucuz olması mağazaya marağı daha da artırır. Aziz Korkmaz deyir ki, bəzən itən əşyalarını illər sonra gəlib onlardan alan sərnişinlər də olur: “Çox şahidi olmuşuq. Təyyarədə şəkillərini unudan bir sərnişin vardı və həmin şəkillərlə bağlı çox xatirəsi varmış. Biz də şəkilləri tapdıq və heç bir ödəniş istəmədən onlara geri verdik. Əslində, onlar hava limanına müraciət etsəydilər, orada da tapıb geri verəcəkdilər. Ancaq daha qısa yoldan bizim vasitəmizlə şəkillərini geri aldılar”.

Hava limanlarında ən çox itən əşyalar arasında eynəklərin olduğunu deyən satıcı Caner Korkmaz müxtəlif musiqi alətlərinin, mobil telefonların və eləcə də kompüterlərin üstünlük təşkil etdiyini vurğulayır.

Eyni zamanda mağazada satışa çıxarılmış unudulmuş məhsullar arasında mobil telefonlara yüksək tələbat var.