“Bu ilin əvvəlindən “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”ni çıxmaqla özəl sektorun investisiyalarında ötən ilin eyni dövü ilə müqayisədə 11%-ə qədər real artım müşahidə edilib".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

“Bu günə qədər ölkədə 510-dan çox invesitiya layihəsi üçün investisiya təşviqi sənədi verilib. Həmin layihələrin ümumi dəyəri 4,6 milyard manat olub. Bunlar əsasən ölkənin regionlarında həyata keçirilən layihələrdir”, - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, bu ilin 9 ayında Azərbaycan qeyri-neft ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41% artırıb, onun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisini 6%-dən 7,7%-ə çatdırıb, qeyri-neft sənayesi ixracında isə təxminən 60% artıma nail olub.

“Bu ilin sonuna qədər qeyri-neft ixracımızın dəyəri 2,4 milyard ABŞ dollarından az olmamalıdır”, - deyə M.Cabbarov qeyd edib.