2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 13,1 milyard ABŞ dolları olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında məlumat verilib.

Qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 milyon ABŞ dolları və ya 8 faiz azalıb.

Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 628,1 milyon, Türkiyəyə 320,6 milyon, İsveçrəyə 201,3 milyon, Gürcüstana 117 milyon və Çinə 41,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 190,4 milyon ABŞ dolları) birinci, qızıl (emal olunmamış formalarda  - 183,7 milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (110,7 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 549,5 milyon, pambıq lifi ixracı 111,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı  97,4 milyon,  kimya sənayesi məhsullarının ixracı 76,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 milyon, pambıq ipliyi ixracı 15 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 10,9 milyon, şəkər ixracı  21,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 22 milyon, çay ixracı 8,5 milyon ABŞ dolları təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 1,4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 33,1 faiz, çay ixracı 0,5 faiz artıb.