Nazirlər Kabineti ali məktəblərə qəbul üçün plan yerlərinin sayını təsdiqləyib. 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 489 plan yeri ayrılıb. Plan yerlərinin 28 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər. Plan yerləri hər qrupda fərqlidir. Bu il üçün I ixtisas qrupunda 455, II qrupda 388, III qrupda 124, IV qrupda 114, V qrup üzrə 231 - ümumilikdə 1 309 yer artım olub.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu il abituriyentləri daha çox psixoloji çətinlik, məntiqə və tətbiqə əsaslanan suallar, aşağı ballarla yüksək rəqabət, texniki və mübahisəli suallarla bağlı situasiyalar gözləyir.

Onun sözlərinə görə, imtahanın çətinlik və asanlığı məsələsində son illərin tendensiyası göstərir ki, sualların strukturunda formaca dəyişiklik olmasa da, məzmun baxımından daha çox düşünməyə yönəlik, bəzən isə mübahisəli suallara rast gəlinir: “Bu il də DİM-in məqsədi qiymətləndirməni yalnız əzbərçilik deyil, tətbiqi bilik və məntiqi təfəkkür üzərində qurmaqdır. Bu isə kurikulumun mahiyyətinə uyğundur, lakin məktəblərdə tədrisin bu mahiyyətə uyğun həyata keçirilməməsi abituriyentləri çətinlik qarşısında qoyur”.

Ekspert vurğulayıb ki, birinci və dördüncü qruplarda təbiət elmləri və riyazi fənlər üstünlük təşkil etdiyi üçün bu qruplarda çətinlik daha çox hiss olunacaq: “İkinci və üçüncü qruplarda isə şərh bacarığı tələb edən test tapşırıqlarının sayı artdıqca abituriyentlər arasında nəticələr arasındakı fərq daha kəskin görünəcək. Xüsusilə Azərbaycan dili fənnindən açıq tipli sualların sayı və qiymətləndirilməsi bir çoxlarının bal toplamasını çətinləşdirəcək. Bu isə aşağı ballarla müsabiqəyə qatılanların sayını artıra bilər. DİM-in açıqladığı statistikaya görə, 2024-cü ildə buraxılış imtahanlarında 150-dən yuxarı bal toplayanların sayı 10 min nəfər artıb. Bu artım imtahanların asan olması ilə deyil, daha çox iştirakçının və hazırlaşanların sayının artması ilə izah olunur. Amma qəbul imtahanında bu artımın davam etməsi ehtimalı aşağıdır. Çünki qəbul imtahanı buraxılışdan fərqli olaraq daha seçici və yüksək ayırdedici gücə malikdir”.

İmtahan çətinliyi ilə bağlı daha bir faktorun psixoloji amil olduğunu qeyd edən mütəxəssis onu da əlavə edib ki, son illərdə şagirdlərin psixoloji davamlılığında ciddi eniş müşahidə olunur: “DİM imtahanlarında nəticələrə təsir edən əsas faktor artıq təkcə bilik deyil, həm də imtahan günü şagirdin özünü idarəetmə bacarığı, vaxt bölgüsü və emosional gərginliklə mübarizə gücüdür. Təəssüf ki, bu istiqamətdə məktəblər və repetitorlar tərəfindən abituriyentlərə lazımi dəstək göstərilmir. Ballarla bağlı mənzərə göstərir ki, 500+ bal toplayanların nisbəti əvvəlki illərə nisbətən ya sabit qalacaq, ya da azacıq enəcək. Ən böyük kütlə 200-400 bal intervalında yerləşəcək. Bu isə yüksəkballı ixtisaslara daxil olmaq üçün rəqabətin daha da güclənəcəyini göstərir. 600-dən yuxarı bal toplayanlar yenə də ölkə üzrə 2-3% həcmində olacaq. Bu isə onu göstərir ki, təhsil sistemində kütləvi uğur deyil, fərdi istisnalar ön plandadır”.

Ekspert abituriyentlərə tövsiyə edərək söyləyib ki, əsas olan vaxtı düzgün bölmək, panikaya düşməmək, oxumadıqları suallarla vaxt itirməmək və sual kitabçasını tam dərk edib cavablandırmaqdır: “Eyni zamanda nəticələrə emosional deyil, analitik yanaşmaq və yeni imkanları əvvəlcədən planlaşdırmaq lazımdır. Təhsil təkcə baldan ibarət deyil, həyatın uzunmüddətli bir prosesidir. İmtahanda yüksək nəticə almaq məqsəddir, amma təhsildə itki deyil”.

 

İsmayıl Bakuvi