Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyasının aparılması bu həftə başa çatır.

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il  avqustun 9-dan başlanılıb və bu proses avqustun 31-i saat 8:00-da dayandırılmalıdır.

Hazırda davam edən təşviqat üçün ölkə üzrə 3 min 469 açıq, 2 min 037 qapalı yer ayrılıb.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.