Güzəştli kreditlərin kiçik və orta biznesin maliyyələşdirilməsində payı artır.

Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, Fond tərəfindən bu günədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.

Verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91,7% təşkil edib. 6,1% sənaye məhsullarının istehsalı və emalı, 1,6% xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0,6%-i isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Məbləğ üzrə kreditlərin 60,5%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1%-i sənaye məhsullarının istehsalı və emalı, 2,2%-i turizmin inkişafı, 11,1%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.

Verilmiş güzəştli kreditlər əhalinin məşğulluq səviyyəsinin artırılmasında vacib rol oynayır. 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlərlə reallaşdırılan layihələr hesabına kənd təsərrüfatı sahəsində təqribən 113 min, sənaye sahəsində 50 min, turizm və xidmət sahələrində isə 14 minədək insanın işlə təmin olunması imkanı yaranıb.

2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5% Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 isə regionların payına düşür. Məbləğ üzrə kreditlərin 25,6%-i Bakı şəhəri, 74,4%-i isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.