“44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin şərəfli və şanlı səhifəsidir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, işğal dövründə bu problemin həllinə təhkim olunmuş beynəlxalq təşkilatların fəaliyyətsizliyindən də söz açaraq bildirib: “Azərbaycan torpaqları işğal altında olan zaman təəssüflər olsun ki, bu problemi sülh yolu ilə həll etməkdə mandat sahibinə malik beynəlxalq təşkilatlar öz işlərinin öhdəsindən gəlmirdilər və faktiki olaraq, Azərbaycanı işğalla barışdırmaq və bu torpaqları Ermənistana hədiyyə etmək istəyirdilər. Ali Baş Komandan, Prezident İlham Əliyev beynəlxalq platformalarda və beynəlxalq tədbirlərdə dəfələrlə qeyd edirdi ki, sülh yolu ilə münaqişə həll olunmayacağı təqdirdə Azərbaycan hərb yolunu seçmək məcburiyyətində qalacaq. Məhz 2020-ci ilin senytabırın 27-də Ermənistan tərəfinin növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan tərəfindən əmr verildi və Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Məhz həmin tarixdən başlayan döyüşlər 44 gün sonra 8 Noyabr tarixində Zəfərlə yekunlaşdı”.

Azərbaycan əsgərinin qəhrəmanlığından və şücaətindən danışan deputat söyləyib ki, xüsusilə də 44 günlük Vətən müharibəsinin gedişində ordumuz bir an olsa belə, geri çəkilməyin xəyalını qurmayıb və yalnız irəliyə doğru addımlayıb:

“Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz ölümün gözünə dik baxaraq torpaqlarımızı işağaldan azad etdilər. 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması demək olar ki, müharibənin taleyini həll etdi. Hər bir kəndimiz, qəsəbəmiz və şəhərimiz bizim üçün əziz və doğmadır. Hər bir qarış uğrunda döyüş gedirdi, ancaq Şuşanın işğaldan azad edilməsi çox fərqli formada həyata keçirildi. Azərbaycanın əsgər, zabit və xüsusi təyinatlıları qayalardan qalxaraq, keçilməz, sıldırım qayaları özlərinə yol edərək, Şuşanı mühasirəyə aldılar və hər bir kəndin, yolun və torpağın azad olunması üçün küçə döyüşlərini həyata keçirdilər. Xüsusilə də yüngül çaplı silahlardan istifadə edən Azərbaycan hərbçiləri çoxlu sayda erməni quldurlarını məhv edərək, Şuşanı ağır artilleriya zərbələrindən qoruyaraq azad etdilər. Bir sözlə, Şuşanın azad olunması müharibənin taleyini həll etmiş oldu. Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan xalqına müraciət edərək, ata vəsiyyətini yerinə yetirdiyini qeyd etdi. Ulu Öndərin məzarını ziyarət etdi və Şuşa zəfərinin müjdəsini Azərbaycan xalqına çatdırdı”.

“Şuşa zəfərindən sonra Ermənistan tərəfi kapitulyasiya aktını imzalamağa məcbur oldu və digər 3 rayonumuz - Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan işğaldan azad edildi. 8 Noyabr tarixinin bizə qazandırdığı üstünlükləri Azərbaycan düzgün dəyərləndirərək 2023-cü il sentyabr ayının 20-də suverenliyimizi tam olaraq bərpa etdi. Şükürlər olsun ki, biz bu gün Zəfərimizin 4-cü ilini suveren ölkənin vətəndaşları olaraq qeyd edirik. Biz bütün tarixi torpaqlarımızda azərbaycanlıların və soydaşlarımızın yaşamlarının bərpa olunacağı günlərə də şahidlik edəcəyik. Şükürlər olsun ki, bizim bütün şəhidlərimizin qisası ləyaqətli və ədalətli şəkildə alınıb. Biz Ali Baş Komandana, ordumuza, şəhidlərimizə, bir sözlə Azərbaycan xalqına borcluyuq və şükürlər olsun ki, bu zəfərin şahidləriyik”, - deputat N.Həmzəyev əlavə edib.

 

İsmayıl Bakuvi