Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gün Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti iclası keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edəcək.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan azad olunmuş Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər edir. Bu barədə o sosial şəbəkə hesablarında paylaşım edib. 

Bu gündən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Bu gün müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 13-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. 

Bu gündən Naxçıvan şəhərində bayram yarmarkası təşkil olunacaq. Bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən Mərkəzi Bazarda baş tutacaq yarmarka martın 13-dən 19-dək davam edəcək.

Fransada keçirilən tətilə görə bu gün qatarların hərəkəti ləğv ediləcək. 

Böyük Britaniyanın Baş naziri Rişi Sunak ABŞ Prezidenti Cozef Bayden və Avstraliyanın Baş naziri Entoni Albanese ilə üçtərəfli AUKUS çərçivəsində təhlükəsizliklə bağlı danışıqlar aparmaq üçün bu gün ABŞ-a səfər edəcək.

Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.