Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki,  Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Göyçay şəhərində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüş keçirəcək. Qəbul saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bu gün saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq. Qeyd edək ki, tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi fevralın 21-dən aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.  

Bu gün Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, gecə və səhər saatlarında bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Bu gün müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Gündüz saatlarında Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Türkiyədə müxalif "Millət" ittifaqı prezidentliyə vahid namizədini müəyyənləşdirib. Namizədin adının bu gün açıqlanacağı gözlənilir. Sızan məlumatlara görə, "Altılı masa" seçkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə gedəcək. Seçkilərin mayın 14-də keçirilməsi nəzərdə tutulub.