İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün bu gün əlavə imtahan keçirəcək. Bundan əlavə, bu gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. 

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsi bu gün başa çatır.

Bu gün "Gülüstan" sarayında Azərbaycan Dili və Ədəbiyyatı Forumunun daha bir panel toplantısı keçiriləcək və forum işini başa vuracaq. 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq. 

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə İrana səfər edəcək.

Bu gün futbol üzrə Azərbaycan çempionatında 5-ci tura yekun vurulacaq. “Kəpəz” öz meydanında “Araz-Naxçıvan”ı, “Səbail” isə “Qarabağ”ı qəbul edəcək. 

Nigerdə üsyançıların yaratdığı “Vətənin Qurtuluşu Milli Şurası”nın Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarmaq üçün verdiyi 30 günlük müddət bu gün başa çatır.