İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Bu gün Fransadan Ermənistana göndərilmiş "humanitar" yük konvoyu İrəvandan Laçına doğru yola düşüb. 10 ədəd yüklü tırın günortadan sonra Laçınla sərhədə çatacağı gözlənilir. 

Bu gün qaz xətlərinə aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar Xəzər rayonunun Türkan qəsəbəsinin, Yasamal rayonunun Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin, Yeni Yasamal massivinin (tam olaraq) və 2-ci Alatava yaşayış massivinin (bir hissəsinin), Kürdəmir rayonunun (bir hissəsinin), Ucar, Ağstafa və Tovuz rayonlarının (tam olaraq) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq. 

Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar. 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Livana səfər edəcək. Bu barədə İranın Beyrutdakı səfiri Müctəba Əmani məlumat verib. 

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ikitərəfli münasibətləri sabitləşdirmək və aktual qlobal problemləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə etmək üçün bu gün Çinin paytaxtı Pekinə səfər edəcək. Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında bunun XİN rəhbərinin son 5 ildə Çinə ilk səfəri olduğu qeyd olunub. Birgünlük səfəri zamanı Kleverli çinli həmkarı Van Yi və Çinin sədr müavini Han Çjenlə görüşməyi planlaşdırır. 

Bu gün Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü!” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

Sistem nasazlığına görə montajı dayandırılan Yaponiyadakı bütün "Toyota Motor Company" zavodları bu gün fəaliyyətini bərpa edəcək. 

Azərbaycan parataekvondoçuları Fransada keçiriləcək Qran-pridə iştirak edəcəklər. Baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək. Bu gün başlayacaq Qran-pridə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaqlar. 

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub. Qurban Qurbanovun mətbuat konfransı bu gün saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.