İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.  

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevinn iki günlük Azərbaycan səfəri bu gün başa çatır. 

İran prezidenti İbrahim Rəisi BRIKS sammitində iştirak etmək məqsədi ilə bu gün Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərinə yola düşəcək.  

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. Məlumata görə, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçirilir.

Bu gün “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. 

Aparılan təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan Abşeron rayonu üzrə Qaçqınlar şəhərciyinin, Müşviqabad və 28 May qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin, İsmayıllı rayonunun və Gəncə şəhərinin tam olaraq, Samux rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bürünc medal uğrunda bu gün ikinci görüşünü keçirəcək. İlk görüşdə ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən həmyerlimizə bu günkü görüşdə heç-heçə də bəs edir. 

UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə üz-üzə gələcək “Qarabağ” bu gün Sloveniyaya yollanacaq.  

Bu gündən futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayan "Araz-Naxçıvan" ilk matçını bu gün Türkiyə təmsilçisi “İstanbul Şişli” klubuna qarşı keçirəcək. 

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 3 matçı gerçəkləşəcək. Norveçin "Molde"si "Qalatasaray"la, Yunanıstan "Panatinaikos"u Portuqaliya "Braqa"sı ilə, İsveçrə "Yanq Boyz"u isə İsrailin "Makkabi" Hayfa klubu ilə üz-üzə gələcək. Oyunlar saat 23:00-da başlayacaq.