İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. Səfər proqramına iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər daxildir. 

Orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsilə əlaqədar avqustun 22-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq. Bu səbəbdən Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin qaz təchizatında bu gün müvəqqəti fasilə yaranacaq.

Bu gün “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Mərhələ barədə məlumat test imtahanından uğurla keçmiş şəxslərin əlaqə nömrələrinə göndəriləcək. Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunacaq. Namizədlər linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. 

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda iştirak edən həmyerlimiz Nicat Abbasov bu gün üçüncü yer uğrunda mübarizə aparacaq.

Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bu gün Yunanıstanla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.  

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 71 kq çəkidə çıxış edən boksçumuz Şəmsi Şahbazov tacikistanlı boksçu Abduahad Babaevi məğlub edərək yarımfinala yüksəlib. Bununla da həmyerlimiz ən azı bürünc medalı təmin etmiş olub. Yarımfinal görüşlərinə bu gün start veriləcək.

Bu gün Azərbaycanın 1-ci və 2-ci liqalarında püşkatma mərasimi keçiriləcək. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında baş tutacaq. 

Asiya Futbol Konfederasiyası Asiya Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Traxtur" komandası bu gün Birləşmiş Ərəb Əmirliklərinin "Şarja" komandası ilə qarşılaşacaq. Oyun saat 19:30-da başlayacaq.