İqtisadiyyat.az bu günə gözlənilən hadisələrin siyahısını təqdim edir.
Bu gün Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Masazır” QPS-də görüləcək təmir işləri ilə bağlı bu gün saat 09:00-dan işlər başa çatanadək “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi" və "Duz Zavodu" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Məlumata əsasən, təmir işləri aparılan müddətdə Xırdalan şəhəri, Masazır və Saray qəsəbələrinin qaz təchizatı məhdudlaşdırılacaq. Məhdudiyyət “Kristal-Abşeron” yaşayış kompleksini, Masazır qəsəbəsini, Akkord Gənclər şəhərciyini, “Saray-H” MTK-nı, “Villa Badam” yaşayış kompleksini və bir sıra müəssisələri əhatə edəcək.
Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. BFB-dan verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlamaq və öldürməkdə, meyiti isə yandırmaqda ittiham edilən, məhkəmənin hökmü ilə 18 il həbs cəzasına məhkum edilən İlkin Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB oyunlarında növbəti matçını Qırğızıstana qarşı keçirəcək. Millimiz ilk oyunda belaruslu həmyaşıdlarına məğlub olub.
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün baş tutacaq "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq. Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu günə Baş Assambleyanın iclasını çağırıb.