İqtisadiyyat.az bu gün baş verəcəyi gözlənilən hadisələrin siyahısını təqdim edir. 

“Əziz Şuşa” beynəlxalq velosiped turnirində ikinci tura bu gün Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar.

Bu gün “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda işinə başlayacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri təqdim olunacaq.

“Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Yevlax şəhərində görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Sarayının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” bu gün saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov iyunun 9-da Qobustanda Qobustan və Şamaxı rayonlarının sakinləri ilə görüş keçirəcək. Görüşə gələcək vətəndaşların qeydiyyatı bu gün Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq. Görüşdə nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəki şəhərində bu gün ictimai dinləmə keçiriləcək. Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək. İctimai dinləmə saat 10:00-da Şəki şəhərində Regional Məşğulluq Filialının binasında (M.F.Axundov prespekti 56 A) baş tutacaq.

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində “Yeddinci tənhalıq” adlı qrup sərgisi açılacaq. Ekspozisiya YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyevin, Tərlan Qorçunun, Orxan Hüseynovun, Ramal Kazımın, Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Eltac Zeynalovun, İsmayıl Səfərəlinin və Nadir Eminovun əsərlərini bir araya gətirir. Qeyd edək ki, “Yeddinci tənhalıq” adlı qrup sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək.

Azərbaycan ağırlıqqaldıranları bu gün Kubanın paytaxtı Havanada start götürəcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Qran-prisində iştirak edəcəklər. 11 gün davam edəcək turnirdə Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaq.

Bu gün NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək. Stoltenberqin sözlərinə görə, o, Kuleba ilə telefon danışığı aparıb və bu zaman Kaxovka bəndinin dağıdılmasını müzakirə edib. 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuraları Katibləri Komitəsi bu gün Minskdə keçiriləcək iclasda assosiasiyanın məsuliyyət zonasında çağırış və təhdidləri müzakirə edəcək. 

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bu gün ABŞ-yə səfəri gözlənilir.

Bu gün saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzi-qərargahında final mərhələsi 2024-cü ildə keçiriləcək futsal üzrə dünya çempionatının elit-raundunun püşkü atılacaq. Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış 3-cü səbətdə yer alıb. Komandamızdan başqa bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıb.