İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kişineuda keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər. Moldovada keçiriləcək danışıqlarda Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da iştirak edəcək.

Bu gün Moldova öz tarixində ən böyük beynəlxalq tədbirə - Avropa Siyasi Birliyinin (APC) sammitinin ikinci iclasına ev sahibliyi edəcək. Sammitdə 47 dövlət və hökumət başçısı iştirak edəcək.

Bu gündən Azərbaycanda Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta şəhadətnamələri elektron qaydada tərtib olunacaq.

Bu gündən 77 nömrəli marşrut üzrə müasir standartlara uyğun sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərəcək. Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada "BakıKart" vasitəsi ilə həyata keçiriləcək.

Bu gün saat 15:00-da “LİBRAFF” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “LİBRAFF”, “TEAS Press” Nəşriyyat evinə məxsus əmtəə nişanı olan “3 alma”nın uşaqlar üçün təşkil etdiyi “Oxu, əylən, öyrən!” tədbiri olacaq. Tədbirdə uşaqlar üçün ödənişsiz face art, cizgi filmi personajlarının iştirakı olacaq. Həmçinin nağıl saatında audio nağıllar kanalının təsisçisi, nağılçı Şəbnəm Əlizadə uşaqlar üçün nağıl oxuyacaq, uşaq yazıçısı Mürşüd İsmayılzadənin təqdimatında intellektual yarış keçiriləcək, Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları tərəfindən uşaqlar üçün “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası göstəriləcək. Bundan əlavə, “Mars Academy”nin robotexnika master-klasları, 4-14 yaş arası uşaqlar robot texnologiyaları, proqramlaşdırma və mühəndislik istiqamətlərində müxtəlif real layihələr hazırlayacaqlar”. Tədbirdə eləcə də uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı, Mürşüd İsmayılzadə, Xülya Cəfərova ilə görüş olacaq. Qeyd edək ki, tədbir 18:00-dək davam edəcək.

Bu gündən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək. Xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti 9 AZN təyin edilib. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.

Bu gündən iyunun 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq. Yığma iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək. 

Bu gün Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin yekun nəticəsini açıqlayacaq. 

Bu gün Yaponiyanın müdafiə naziri Yasukazu Hamada amerikalı həmkarı Lloyd Ostinlə Tokioda görüşəcək. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.