İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Milli Məclisin yaz sessiyası üzrə sonuncu iclası keçiriləcək. Gündəliyə 14 məsələ daxil edilib. 

Bu gün Bakı Enerji Həftəsi start götürür. Bura 3 mötəbər tədbir daxildir: 28-ci beynəlxalq "Xəzərin nefti və qazı" sərgisi, 11-ci Xəzər Beynəlxalq "Enerji və Yaşıl Enerji" sərgisi və 28-ci Bakı Enerji Forumu. Dünyanın 37 ölkəsindən 326 şirkət sözügedən tədbirlərdə iştirakını təsdiqləyib.

İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci sammiti keçiriləcək. Artıq bu gündən etibarən 50 ölkə liderinin Moldovaya səfəri başlayır. Moldova XİN-in məlumatına görə, sammitə dəvət olunmuş 50 dövlət başçısından 48-i iştirakını təsdiqləyib. Moldova rəsmiləri həmin iki ölkəni açıqlamasa da, ehtimal olunur ki, onlardan biri Ukraynadır. Moldova hökuməti təhlükəsizlik baxımından Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirak edib-etməyəcəyini də açıqlamır.

“Azəriqaz” rəhbərliyi növbəti dəfə canlı yayım edəcək. Yayım bu gün baş tutacaq. Feysbuk və instaqram üzərindən olacaq yayımda vətəndaşların sualları cavablandırılacaq.

Bakıda keçirilən dünya çempionatının üçüncü günündə daha 3 dəst medal sahibini tapacaq. Bu gün keçiriləcək kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançılar üçün püşkatma mərasimi olub. Püşkə əsasən Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı keçirəcək. 87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün güclüsü ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibini sınağa çəkəcək. Qeyd edək ki, döyüşlər bu gün saat 09:00-da başlayacaq. Dünya çempionatı iyunun 4-də başa çatacaq.

Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək. Toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. İclas yerli vaxtla saat 15:30-da başlayacaq. Hazırkı nazirlər yeni kabinetdən əvvəl sonuncu dəfə iclasda iştirak edəcəklər.

Bu gün UEFA Avropa Liqasının final oyunu baş tutacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq matçda İsPaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları üz-üzə gələcək. Qarşılaşma 23:00-da start götürəcək. 

Amerika Birləşmiş Ştatları bu gün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bunlar xüsusilə ixrac məhdudiyyətlərini nəzərdə tutur. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken çıxışında bildirib.