Bu gün Bakıda keçirilən COP29 çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Braziliyanın Beynəlxalq Münasibətlər Mərkəzi (CEBRI) tərəfindən “Qalıq yanacaqlardan keçid: Çətinliklər və Troyka ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda tədbir təşkil olunub. 

İqtisadiyyat.az-ın məlumatına görə, tədbirdə davamlı enerji gələcəyinə keçid zamanı iqlim problemlərini həll etmək üçün Braziliya və Azərbaycan tərəfindən hazırlanmış yol xəritələri müzakirə olunub.

Enerji keçidində neft və qaz sektorunun rolu, bu keçid üçün lazım olan maliyyələşdirmə məsələsi də müzakirə edilib.

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, hər iki ölkə neft və qaz hasilatında bəzi oxşar xüsusiyyətlərə malikdir, çünki bu sektorlar iqtisadiyyatlarımızın əsasını təşkil edir:

"Biz yaşıl keçidə diqqət yetirməklə yanaşı, bu keçidin təsirsiz olmasına və iqtisadiyyatlara zərər verməməsinə əmin olmaq üçün realist olmalıyıq. Emissiya ilə mövcud texnologiyalardan tamamilə imtina etmək mümkün deyil, ona görə də yeganə çıxış yolu ekoloji təmiz texnologiyalara daha çox diqqət yetirməkdir".

O həmçinin qeyd edib ki, iqlim dəyişikliyi sırf enerji və ətraf mühitlə bağlı olmasına baxmayaraq, çox vaxt bu, siyasiləşdirilir.

Braziliya Neft və Qaz İnstitutunun prezidenti Roberto Ardenqi COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

O, çıxışında keçid prosesləri zamanı bəzi ölkələrin zəifliklərinə diqqət çəkib: "Yeganə seçim ağlabatan və ədalətli keçiddir. İnnovasiya və texnologiya bizi bu məsələdə irəli aparmalıdır. Əks halda, enerji keçidindən daha çox enerji yoxsulluğu ilə üzləşəcəyik".