“Brand Media Groups” MMC açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğuna görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Brand Media Groups” şirkəti reklam sahəsində fəaliyyət göstərir.