BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" yatağındakı iştirak payını artırmağa qərar verib.

İqtisadiyyat.az şirkətə istinadən xəbər verir ki, bu, "Petronas" şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz üstünlük hüququndan istifadə etmək haqqında "Şahdəniz" layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16 % iştirak payını 168 milyon ABŞ dolları məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99 % təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.