"Brexit"dən sonra Böyük Britaniyadan kütləvi miqrant axını ölkənin iqtisadi siyasətini dəyişə bilər.

Bu barədə "Reuters" analitikləri məlumat yayıb.

Məlumatda deyilir ki, təxminən 25 il əvvəl ölkə iqtisadiyyatında daha az inkişaf edən Avropa ölkələrindən gələn ucuz işçi qüvvəsi yer tuturdu.

Miqrantların ölkəni tərk etməsi və yaxud onların ölkəyə girişinə qoyulan məhdudiyyətlər Böyük Britaniyanın iqtisadi siyasətində genişmiqyaslı dəyişikliklərə səbəb olacaq. Belə ki, "Brexit" dünyada artıq pozulmuş təchizat zəncirinə əlavə zərbə vurub.

Analitiklərin fikrincə, sürücülərin, qəssabların və anbar işçilərinin çatışmazlığı Britaniya şirkətlərini əmək haqqını artırmağa məcbur edir, eyni zamanda istehlak qiymətlərini stimullaşdırır.

Öz növbəsində ölkənin Baş naziri Boris Conson daha aşağı maaş və işçilərin qeyri-kafi keyfiyyətlərinin qənaətbəxş olduğu uğursuz modelə bir daha qayıtmayacağını bəyan edib. Bundan sonra ölkənin iqtisadi siyasəti ixtisaslı kadrlara və müasir avadanlıqlara vəsait ayırmaq xətti götürəcək.

Mütəxəssislər hesab edirlər ki, Baş nazir işçi çatışmazlığı problemindən daha yüksək əmək haqqı təyin etməklə çıxmağa çalışır. Mövcud vəziyyətin isə nəticəsi yalnız inflyasiyanın artması ola bilər ki, bu da vətəndaşların gəlirinə təsir edəcək.