“Bolt” taksi şirkəti sabah sürücülər üçün yığıncaq keçirəcək.
Bu barədə İqtisadiyyat.az-a şirkətdən məlumat verilib.
Bildirilib ki, şirkət bütün sürücüləri saat 12.00-da keçiriləcək yığıncaqda iştirak üçün Çinar Park Biznes Mərkəzinə dəvət edib.
"Sürücülər üçün qeydiyyat açıqdır. Sizin fikirlərinizi eşitmək, təcrübələrinizi öyrənmək və fikirlərinizi dinləmək istəyirik. Nümayəndələrimizin də qatıldığı tədbir 2-3 saat davam edəcək", - şirkətin sürücülərə göndərdiyi dəvət məktubunda qeyd olunub.
“Bolt” sürücüləri müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməyə çağırıb. Qeyd olunub ki, tədbir boyunca sürücülər üçün itirilən vaxt bonus şəklində kompensasiya ediləcək.
Qeyd edək ki, “Bolt” martın 12-dən etibarən sertifikatsız sürücülərin hamısını bloklayıb və onların taksi fəaliyyət göstərmək üçün tətbiqə daxil olmalarına qadağa tətbiq edilib.
Xatırladaq ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.