“Prezident İlham Əliyevin timsalında Azərbaycan Avropanın etibarlı tərəfdaşı olduğunu sübut etdi”.

İqtisadiyyat.az Moldovaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Avropa Siyasi Birliyinin sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Biz Avropaya əlavə təbii qaz tədarükünü, Azərbaycandan əlavə təbii qaz həcmlərinin tədarükünü həyata keçirə bildik. Bu əlavə qaz həcmləri Azərbaycandan Türkiyəyə, Yunanıstana, oradan isə Bolqarıstana və Rumıniyaya nəql edilir. Biz qaz şəbəkələrinin imkanlarını birləşdirməyə nail olduq və hazırda Azərbaycan qazının Mərkəzi və Şərqi Avropa ölkələrinə çatdırılması üçün bütün lazımi şəraitimiz var”, - Bolqarıstan Prezidenti deyib. O, bunu enerji təhlükəsizliyi baxımından mühüm nailiyyət adlandırıb.

“Bu, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında siyasi münasibətlərə ciddi töhfədir. Biz Yunanıstan-Bolqarıstan interkonnektorunu tamamladıq, indi Bolqarıstan Azərbaycandan təbii qaz alır. Bundan başqa, Bolqarıstan ilə Serbiya arasında interkonnektorun inşasına başlamışıq”, - Rumen Radev bildirib.