Bolqarıstan Prezidenti Rumen Radev NATO-nun Transformasiya üzrə Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Filip Lavin ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibliyindən məlumat verilib. 

Məlumata görə, görüşdə müdafiə və təhlükəsizliyin müasir texnoloji, iqtisadi və sosial aspektləri, eləcə də məqsədli investisiyaların zəruriliyi müzakirə olunub.

"Görüşdə ümumi mövqe bildirildi ki, müdafiə və təhlükəsizliyin ən mühüm elementi insanlardır. Müdafiə sahəsində müasir texnologiyalara sərmayənin artırılması ilə yanaşı, gənclərin həvəsləndirilməsi və bu sahəyə cəlb edilməsi üçün səylərin göstərilməsi son dərəcə vacibdir. Oxşar problemlər təkcə Bolqarıstanda müşahidə olunmur", - məlumatda deyilir.

Bolqarıstan Prezidenti real bacarıqların əldə edilməsi və səmərəli müdafiə imkanlarının genişləndirilməsi üçün birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd edib.

Bundan əvvəl Lavin istefada olan müdafiə naziri Todor Taqarev və Müdafiə Qərargahının rəisi admiral Emil Eftimovla danışıqlar aparıb və bu danışıqlarda hərbi üstünlüyün əsas amili olan texnoloji üstünlüyün qorunub saxlanmasının zəruriliyi müzakirə olunub.