Sabahdan Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil başlayır. Ölkədə martın 20-dən 31-dək ardıcıl 12 gün qeyri-iş günü olacaq. İnsanlar əvvəlcədən planlaşdırdığı tarixə uyğun olaraq sabahdan səyahətlərinə, turizm zonalarına üz tutmağa başlayır.
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ənənəvi olaraq tətil günlərində yerli turizm zonaları ilə yanaşı xaricə gedənlər də az deyil.
Onun sözlərinə görə, bugünlərdə turizm məqsədilə regionlara səfərlər üstünlük təşkil edir: “İnsanlar əsasən, paytaxtdan çox da uzaq olmayan, turizm infrastrukturu inkişaf edən regionlara üz tutur. Misal üçün, Quba-Qusar bölgəsi, Şamaxı, Şəki, Qəbələ, Lənkaran daha çox turist qarşılayan bölgələr arasındadır”.
Ekspert həmçinin dəmir yolu nəqliyyatının son dövrlər inkişafı, sürətli qatarların fəaliyyətə başlaması ilə əlaqədar olaraq Gəncə istiqamətinə gedənlərin sayının da çoxluq təşkil etdiyini söyləyib. O eyni zamanda vurğulayıb ki, qatarların qrafikinin yaxşılaşdırılması Balakən-Zaqatala zonasına səfər edən turistlərin sayına da müsbət təsir göstərir.
Qiymət məsələsinə gəlincə isə C.Aşırov bildirib ki, bu, ötən illə müqayisədə baha deyil: “Qiymətlər regionlarda qalma yerlərinin ulduz təsnifatına görə 80 manatdan 250 manata qədər dəyişir. Təbii ki, kənd evləri və villalar da var və onların da qiymətləri şəraitinə görə fərqlənir, 250-500 manat arasında dəyişir. Villalar daha çox ailələr, kiçik qrup insanlar üçün daha qənaətli başa gəlir. Çünki kənd evlərində və villalarda qalmaq hotellərlə müqayisədə daha ucuz başa gəlir. Hoteldə bir otaqda iki-dörd nəfər yerləşə bilirsə, villada 8-10 nəfər yerləşir”.
Qeyd edək ki, bölgələrdə məşhur hotellərin Novruz tətili günlərində qiymətləri ilə bu linkdən tanış olmaq mümkündür.
Elçin Mehdiyev