Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstin Baş naziri Məhəmməd Ştiyyenin istefa verməsi ilə bağlı açıqlama verib. Bildirilib ki, güclü Fələstin hökuməti daimi sülh yolunda kritik əhəmiyyət kəsb edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Dujarrik davamlı bombardmanların və narahatlığın erkən doğumlara səbəb olduğunu da vurğulayıb.

Baş katib Antonio Quterreşin Qəzza üçün nə edə biləcəyi sualına isə Dujarrik baş katibin atəşkəs çağırışını davam etdirəcəyini ifadə edərək bildirib: "Güc sahibi olanlar, silahlara nəzarət edənlər, məhbusları saxlayanlar bu münaqişəyə son qoyacaq güclərdir".

Baş katibin tərəflərlə danışıqlar aparan üzv ölkələrlə təmasda olduğunu deyən Düjarrik həm açıq, həm də özəl görüşlərdə əlindən gələni etdiyini bildirib.

Fələstin Baş naziri Ştiyyənin prezident Abbasa istefa məktubu verməsi ilə bağlı Dujarrik baş katibin bunu nəzərə aldığını vurğulayıb və BMT-nin Fələstin xalqına dəstəyini davam etdirəcəyini əlavə edib.

Düjarrik Qəzzə daxil olmaqla bütün Fələstin torpaqlarını idarə edəcək güclü Fələstin hökumətinin daimi sülhə gedən yolda kritik əhəmiyyət daşıdığına diqqət çəkib.