BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo Əfqanıstan hökumətindən ölkənin qadın əhalisinə qarşı bütün ayrı-seçkilik qadağalarını dərhal aradan qaldırmağı tələb edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Əfqanıstanla bağlı yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.

“Bu ölkədə qadınların vəziyyəti müqayisəedilməzdir, çünki “Taliban” kimi dünyanın heç bir yerində qadınlara qarşı belə məhdudiyyətlər yoxdur”, - o deyib.

R. Dikarlo xatırladıb ki, BMT Əfqanıstanla beynəlxalq əməkdaşlığı genişləndirmək üçün Doha prosesinə rəhbərlik edir: “Bu proses addım-addım yanaşmanı nəzərdə tutur. Biz faktiki hakimiyyət orqanlarından idarəetməni daha inklüzivləşdirməsini, qadınların və qızların hüquqlarına, eləcə də ümumən insan hüquqlarına hörmətlə yanaşmasını və effektivliyi artırmasını gözləyirik. Bunun müqabilində beynəlxalq ictimaiyyət öz məhdudiyyətlərini tədricən yüngülləşdirəcək”.

"Məqsəd Taliban hərəkatını ilk növbədə əfqan xalqı və beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini yerinə yetirməyə məcbur etməkdir. Bu, Əfqanıstanın beynəlxalq ictimaiyyətə qayıtmasının yeganə yoludur", - o əlavə edib.

 

Sadiq Cavadov