ABŞ dövlət katibi Antoni Blinken aprelin 1-5-də Fransa və Belçikaya səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, Blinken Parisdə Fransa prezidenti Emmanuel Makron ilə görüş keçirəcək, görüş zamanı o, Ukraynadakı vəziyyəti, həmçinin Qəzza zolağında münaqişənin gərginləşməsinin qarşısını almaq səylərini və bir sıra digər məsələləri müzakirə etmək niyyətindədir.

Bundan sonra Blinken Brüsselə gedəcək, burada NATO ölkələrinin xarici işlər idarələri rəhbərlərinin görüşündə iştirak edəcək, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq. Bundan əlavə, Blinken və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə üçtərəfli görüşdə iştirak edəcəklər. İclasda Ermənistan iqtisadiyyatında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunacaq.

Leuvendə (Belçika) Blinken Aİ-ABŞ Şurasının Ticarət və Texnologiya Konfransında iştirak edəcək.