“2022-ci ildə bu subyektlərin xidmətlərindən istifadə edən istehlakçı və sahibkarların müraciətləri təhlil olunub. Təbii inhisar subyektlərinin fəaliyyəti araşdırılıb,  “Aztelekom” MMC-yə telekommunikasiya sahəsində rəqabət mühitinin yaxşılaşdırılması üzrə müvafiq daxili qaydaların 3 ay ərzində hazırlanması və tətbiqinə dair, “Azərbaycan Dəmir Yolları” QSC-yə isə dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması hallarının aradan qaldırılmasına dair göstəriş verilib. Görülmüş tədbirlər nəticəsində elektrik enerjisinin istehlakı ilə bağlı illər əvvəl yaranmış, müddəti 3 ili keçmiş borclar qanunvericiliyin tələbinə əsasən “Azərişıq” ASC tərəfindən silinib.”
İqtisadiyyat.az xəbər verir ki, bu barədə AİBNDX-nin rəisi Məmməd Abbasbəyli təbii inhisarlara nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə danışan zaman bildirib.
 Xidmət rəisi həmçinin əlavə edib ki, “Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. 2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub, bunun da 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən illə müqayisədə məbləğ üzrə müsabiqə əsaslı satınalmaların həcmi 70% artıb. 2022-ci ildə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalar tamamilə elektronlaşdırılıb. 2022-ci ildə elektron satınalmaların ümumi satınalmalarda payı say üzrə 59,1%, məbləğ üzrə 18,8% təşkil edib.