ABŞ-nin keçmiş prezidenti Bill Klinton Çexiyanın NATO-ya qəbulunun 25-ci ildönümü ilə bağlı martın 12-nə planlaşdırılan beynəlxalq konfransda iştirak etmək üçün Praqaya gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Konfrans Praqa qalasında baş tutacaq. "Təhlükəsizliyimiz müəyyən deyil" adlı konfransa Çexiyanın yüksək səviyyəli liderləri cəlb olunacaqlar. Klinton respublika prezidenti Piter Pavelin dəvəti ilə gəlib. NATO-nun keçmiş baş katibi Lord Corc Robertsonun da iştirakı gözlənilir.

Klinton 1993-2001-ci illərdə ABŞ prezidenti olub. O, bir neçə dəfə Çexiyada olub. O, sonuncu dəfə Praqaya 2011-ci ilin dekabrında respublikanın ilk prezidenti Vatslav Havelin dəfn mərasiminə gəlmişdi.

Çexiya 1999-cu il martın 12-də NATO-ya üzv olub. Əhali arasında aparılan sorğulara əsasən, respublika vətəndaşlarının üçdə ikisi onun Şimali Atlantika Alyansına üzvlüyündən razıdır, 26 faizi isə narazılığını bildirir.