Dünyanın ən zəngin insanlarından biri olan Bill Geyts BBC-yə verdiyi müsahibədə maraqlı məqamlara toxunub.

İqtisadiyyat.az bəzi diqqətçəkən hissələri təqdim edir. 

B.Geyts bildirib ki, Marsa getməkdənsə, peyvənd almağa üstünlük verərdi: “Marsa getmək əslində çox xərc tələb edir. Bunun əvəzinə adambaşına 1000 dollara qızılca peyvəndi alıb həyat qurtara bilərik. Bu da onu göstərir ki, Marsa getmək əvəzinə Yerə daha möhkəm sahib çıxmalıyıq”.  Qeyd edək ki, məşhur milyarderlər arasında kosmos sevgisi sərhəd tanımır. İxtiraçı-biznesmen İlon Mask Marsda insan koloniyaları qurmağı hədəfləyib. Amazonun təsisçisi Cef Bezos isə “Blu Origin” şirkəti ilə 2021-ci ildə kosmosa səyahət etmişdi. 

Müsahibəsində süni intellektin bəşəriyyəti dəyişdirəcəyini qeyd edən Geyts həmçinin tibb və elmlə bağlı bir sıra suallara cavab tapılacağını, həmçinin süni intellektin məhsuldarlığımızı artıracağını da ayrıca vurğulayıb.
Dəfələrlə dünyanın ən varlı insanı seçilən B.Geyts ömrünün böyük hissəsini xeyriyə məqsədləri üçün sərf edib. Onun qlobal səhiyyə sahəsində, xüsusilə uşaqların sağlamlığı üçün milyardlarla dollar pul xərclədiyi hər kəsə məlumdur. Hazırda o, vaxtını və sərvətinin bir hissəsini iqlim dəyişikliyi, ərzaq böhranı kimi problemlərlə, o cümlədən poliomielit, malyariya kimi xəstəliklərlə mübarizəyə sərf edir. 

2 il əvvəl 21 illik həyat yoldaşı Melinda Geytsdən ayrılan iş adamına yenidən kiminləsə münasibət qurub qurmayacağı da soruşulub. O isə cavabında “əlbəttə, hər halda robot deyiləm” cavablnı verib.