“Elə məhsullar var ki, Azərbaycanda yetişdirilə bilmir, yəni təbii şərait buna imkan vermir”.
Bunu İqtisadiyyat.az-a müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Misal üçün, Azərbaycan taxılı idxal edir. 1.2 milyon ton ərzaqlıq buğdanı xaricdən alırıq. Niyə alırıq bunu? Bəziləri deyir ki, bunu özümüz yetişdirək. Bu, rentabelli deyil. Azərbaycanda bir milyon hektar ərazidə taxıl əkilir. Bu çox böyük ərazidir. Ancaq məhsuldarlıq aşağıdır, 30-31 sentner. Elə ölkələr isə var ki, məhsuldarlıq 70 sentnerdir. Təbii şəraitə görə, iqlimə görə Azərbaycanda yüksək məhsuldarlıq əldə etmək olmur. Biz desək ki, taxılın hamısın özümüz istehsal edək, o zaman əkin üçün olan torpaqların hamısın taxıla verməliyik. Bəs onda pambıq, tütün, çay və digər kənd təsərrüfatı məhsuları harada əkilsin?! Bəziləri deyir ki, biz niyə taxılı qıraqdan idxal edirik?! Axı bizdə o qədər məhsuldarlıq yoxdur. Həm də aldığımız məhsul daha ucuz başa gəlir. Azərbaycanda da digər kənd təsərrüfatı məhsulları yetişir və onu ixrac edirik. Ona görə də burada bir balanslaşdırma var. Həm satırıq, həm də qıraqdan alırıq”, - Komitə sədri bildirib.
Qeyd edək ki, müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.