Demokratiyanın təməl prinsiplərindən biri söz və fikir azadlığıdır. Azərbaycanda hər zaman bu dəyərlərin təmin edilməsinə xüsusi diqqət yetirilib. Amma təəssüfedici hal odur ki, sosial şəbəkələrdə mövcud olan bəzi istifadəçilər söz və fikir azadlığının mahiyyətini dəyişməyə cəhd göstərir. Belə ki, sosial şəbəkələrdən istifadənin geniş yayıldığı bir dönəmdə böyük informasiya axını yaranıb. Bu imkanlar eyni zamanda sui-istifadələrə də yol açır. Təəssüflər olsun ki, “TikTok” kimi sosial şəbəkələrdə müxtəlif əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edənlərə də rast gəlinir. Bəzi istifadəçilər guya söz və fikir azadlığına söykənərək sosial şəbəkələrdə istənilən təhqirə yol verir, etik qaydaları pozur, əxlaqa zidd davranışlar nümayiş etdirirlər ki, bu da cəmiyyətin haqlı narazılığına səbəb olur. Amma sosial şəbəkələri təhqir dolu çıxışlarla, qeyri-etik hərəkətlər nümayiş etdirərək mənəvi dəyərlərə zidd platformaya çevirmək söz və fikir azadlığı deyil.

Milli Məclisin deputatı Ceyhun Məmmədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, sosial şəbəkələr hər bir kəs üçün geniş imkanlar yaradır və bu platformadan hazırda dünyanın müxtəlif ölkələrində çox yaxşı istifadə olunur.

O vurğulayıb ki, bu gün “X”, “Facebook”, “İnstaqram” vasitəsilə və digər şəbəkələr vasitəsilə cəmiyyətə mühüm mesajlar verilir: “Misal üçün, “TikTok”un Çin seqmentində daha çox tərbiyəvi mövzuları görmək mümkündür. İnsanlara yardım etmək, işçilərə münasibət və s. istiqamətdədir. Yəni əslində, bu platformalarda biz gördüyümüz yaxşı işləri təbliğ edə, cəmiyyətə müsbət mesajlar verə, müəyyən önəmli məsələləri çatdıra bilərik. O mənada, əslində bu gün sosial platformalar bizim üçün çox geniş imkanlar yaradır. Amma təəssüflə qeyd etmək lazımdır ki,  bəzi insanlar bundan düzgün məqsədlərlə istifadə etmirlər”.

Deputat söyləyib ki, ölkəmizdə bəzi sosial şəbəkələr müxtəlif şəxslər tərəfindən gah narkotik alverinin həyata keçirildiyi, gah müxtəlif proqramların təşkil olunduğu məkana çevrilib: “Xüsusilə də son dövrlər “TikTok”dan başqa məqsədlərlə geniş istifadə etdiyini müşahidə edirik və bu da təəssüf ki, bəzi insanların asan yolla qazanc əldə etmək həvəsindən və istəyindən həm də irəli gələn bir məsələdir. Düşünürəm ki, bu platformalardan istifadə edən insanların özündə bir məsuliyyət olmalıdır, insanların özündə senzura olmalıdır və insanlar özləri məsuliyyət bir məsuliyyət daşımalıdır. İnsanlar anlamalıdır ki, təhqir, qeyri-etik ifadələr işlətmək söz azadlığı deyil. Eləcə də söz azadlığı asan yolla pul qazanmaq deyil”.

C.Məmmədov bildirib ki, bunlar tamamilə bir-birindən fərqli məsələlərdir və fərqli anlayışlardır: “Ona görə insanlar çalışmalıdılar ki, bu kimi məsələlərdə diqqətli olsunlar. Təbii ki, eyni zamanda bu gün hüquq-mühafizə orqanları da bu kimi məsələləri nəzarətdə saxlamalıdırlar və onların qarşısını almalıdırlar. Bir daha deyirəm, sosial şəbəkələr bizə çox geniş imkanlar yaradır. Fəaliyyətimizi təbliğ etmək, insanlarla ünsiyyət qurmaq və fikirlərimizi bölüşmək üçün bundan istifadə edirik və bu, bizə çox geniş imkanlar verir. Ancaq təəssüf ki, Azərbaycanda bəziləri qeyd etdiyimiz kimi, bu şəbəkələrdən də tamamilə fərqli məqsədlə istifadə edirlər”.

Ümumiyyətlə sosial şəbəkələrin hər birinin öz əhatə dairəsinin olduğunu söyləyən deputat deyib ki, “X” şəbəkəsi daha çox siyasi platformalara yönəlib: “Hətta burada da biz bəzi insanların bu şəbəkədən başqa məqsədlərlə istifadə etdiyini görürük. Məsələn, təəssüf ki, bəzən pozğunluğu, tərbiyəsizliyi də bu və ya digər şəbəkədə görürük. Ona görə burada insanlar özləri anlamalıdır ki, onların yazdıqları, dedikləri, çəkdikləri bütün şəbəkə üzvləri tərəfindən izlənir. Hesab edirəm ki, geniş maarifləndirmə və təbliğat işi aparılmalıdır. Sosial mediada mənəvi dəyərləri, əxlaqi dəyərləri təbliğ edən səhifələrin və platformaların daha geniş yayılmasına, daha geniş fəaliyyətinə ehtiyac var. Amma qeyri-etik, mənəvi dəyərlərə zidd çıxışlarını söz azadlığı adlandıraraq davam etdirənlər bilməlidir ki, zərurət olduğu təqdirdə bu prosesin qarşısının dövlət qurumları, hüquq mühafizə orqanları tərəfindən alınması çox önəmlidir. Bu şəbəkələr bizə hüdudsuz imkanlar yaradır. Bu hüdudsuz imkanlardan hər birimiz düzgün istifadə etməliyik”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, sosial şəbəkələr sərbəst fikir paylaşımı platforması olmaqla, həmçinin alternativ informasiya mənbələrinə giriş imkanı yaratmaqla pozitiv məna daşıyır.

Onun sözlərinə görə, amma bununla yanaşı, sosial şəbəkələr həm də bir sıra neqativ amillərə yol açırlar: “Belə ki, insanların şəxsi həyatına müdaxilə, təhqir, böhtan, müəllif hüquqlarının pozulması, dezinformasiya yayılması, feyk xəbərlərin paylaşılması baxımından ciddi şəkildə problemlərə də yol açmış olur. Buna görə də sosial şəbəkələrdə neqativ fikir paylaşımının qarşısını almaq üçün müəyyən zəruri və hüquqi addımlar atılır. Doğrudur, Azərbaycan demokratik ölkələr nümunəsinə uyğun olaraq sosial şəbəkələrlə bağlı hələlik konkret qanunlar qəbul etmir. Amma bu o demək deyil ki, sosial şəbəkələrdə hər kəs istədiyi fikri paylaşa, təhqirə yol verə, əxlaqsızlığı təbliğ edə bilər”.

M.Ələsgərli bildirib ki, informasiyanın özünün standartları mövcuddur və bu standartlardan kənara çıxmaq olmaz: “Harada baş verməsindən asılı olmayaraq təhqir təhqirdir, böhtan belə deyək ki, konkret cinayət məsuliyyəti törədir. Müəllif hüquqlarının pozulması, dezinformasiya yayılması - bütün bunlar qanunla qadağan olunan məsələlərdir. Azərbaycan Respublikasında da bir çox qanunlarda, o cümlədən Cinayət Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında” Qanunda və digər qanunlarda konkret müddəalar vardır ki, o da sosial şəbəkələrdə yayılan məzmuna müəyyən məsuliyyət yaradır. Cinayət Məcəlləsinin 148.1-ci maddəsi və digər bu kimi maddələr təhqirin, böhtanın, ictimai sabitliyə xələl gətirən hadisələrin yolverilməzliyini ehtiva edir. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda da sosial şəbəkələrdə, onlayn informasiya resurslarında yayılması qanunla qadağan edilən halların konkret təsnifatı verilir. Bu baxımdan sosial şəbəkə istifadəçiləri anlamalıdırlar ki, başa düşməlidirlər ki, burada onların o “azadlıqlar”ı hüdudsuz deyil. Ümumi şəkildə desək, bir insanın azadlığı, ifadə azadlığı başqa bir insanın hüquqlarının sərhəddində məhdudlaşır, başqa bir insanların hüquqlarının pozulmasına imkan verilmir”.

M.Ələsgərli bildirib ki, sosial şəbəkələrdə bu cür hallar, xüsusilə başqalarının təhqir olunması, böhtana məruz qalması, dövlət sirri təşkil edən məlumatların yayılması, o cümlədən dezinformasiya yayılması, feyk xəbərlərin yayılması çox ciddi şəkildə böyük ölkələrdə müşahidə olunur: “Bu baxımdan müəyyən önləyici addımlar atılması da zərurətə çevrilir. Artıq dünyanın bir sıra ölkələrində bu cür halların qarşısını almaq üçün konkret hüquqi və inzibati mexanizmlər tətbiq olunur. Dünyanın aparıcı dövlətlərində, Çində, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Fransada, Türkiyədə və digər ölkələrdə artıq sosial şəbəkələrdə məzmunun tənzimlənməsi ilə bağlı konkret qanunlar mövcuddur. Qeyd etdiyim kimi, Azərbaycanda sosial şəbəkələrin tənzimləməsi ilə bağlı konkret qanun yoxdur, amma bununla yanaşı məzmunda yol verilən problemlərin qarşısını almaq üçün ayrı ayrı qanunlarda müəyyən müddəalar nəzərdə tutulubdur. Bəzən ayrı-ayrı dövlətlərin bu halların qarşısını almaq üçün müəyyən addımlar atdıqlarını, sosial şəbəkələrlə bağlı məhdudiyyətlər tətbiq etdiklərini müşahidə edirik”.

MŞ üzvü hesab edir ki, artıq Azərbaycanda da bu sahədə müəyyən tənzimləyici tədbirlərin görülməsi üçün konkret addımların atılmasına zərurət vardır: “Amma eyni zamanda insanlar da öz məsuliyyətlərini bilməlidirlər. Sosial şəbəkələrdə azadlıqların hüdudsuz olmadığını anlamalıdırlar. Konkret olaraq başqa insanların həyatına müdaxilə, təhqir, böhtan, dövlət sirrinin yayılması, müəllif hüquqlarının pozulması, dövlət sirri təşkil edən materialların yayılması, dezinformasiya yayılması və bu kimi hallar qanunla yasaqlanan hallardır və harada olmandan asılı olmayaraq bu cür hallara yol vermək olmaz”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.