“Between Estates” və “Facemark” şirkətlərinin birgə təşkilatçılığı və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyilə “Beynəlxalq İnvestisiya və Əmlak Zirvəsi” 1 iyun 2024-cü il tarixində “The Ritz Carlton Hotel”də uğurla yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadənin açılış nitqi etməsi ilə davam edib.

“Gələcəyə doğru yatırım” şüarı ilə keçirilən tədbir Tedx formatlı çıxışlardan və bir paneldən ibarət olmaqla günboyu davam edib.

Peşəkar spiker və moderatorlar Azərbaycan investorlarına Türkiyə, Amerika, Braziliya və Avropa birliyi bazarında əmlak və digər investisiya imkanlarını necə effektiv istifadə edə biləcəkləri barədə məlumatlar veriblər.

Tədbirdə “Between Estates” şirkətinin rəhbəri, eyni zamanda “Amazon” şirkətinin 15 ölkə üzrə layihə meneceri Günel Ağazadə, ekspert Onur Sürenoğlu, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin təsisçi və direktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev, Kommersiya Əmlakının İdarə Edilməsi üzrə mütəxəssis Dərya Cəfərli Tedx formatında çıxışlar edərək, eyni zamanda iştirakçıların suallarını cavablandırıblar.

“Davamlı gələcəyə investisiya” paneli zamanı “Mutfakçı Azərbaycan” şirkətinin təsisçisi İlkin Manafovun moderatorluğu ilə keçirilib. Panelin spikerləri – “Minera” MMC-nin təsisçisi Xudaqulu Rzayev, “Between Estates” şirkətinin rəhbəri Günel Ağazadə və “Vecon Centre" MMC-nin direktoru İradə Şükürova öz təcrübələrini bölüşərək, həmçinin iştirakçıların suallarını cavablandırıblar.

“Whelp” və “Olpay” şirkətlərinin həmtəsisçi və CEO-su Seymur Rəsulov və Biznesin İnkişafı üzrə Regional Direktor James Kelly ABŞ-dən, Skandinaviya ölkələri üzrə expert Patrycja Skrzypon Polşadan, “Amazon” şirkətinin RBS Braziliya üzrə Regional Ölkə Meneceri Mariana Campos Braziliyadan canlı bağlantı vasitəsilə qoşularaq müxtəlif ölkələrdə əmlak, investisiya imkanlarından maksimum dərəcədə yararlanmaqdan və yatırım edərək daha çox gəlir əldə etməyin yollarından danışıblar.

Beynəlxalq İnvestisiya və Əmlak Zirvəsi Azərbaycan investorları arasında əməkdaşlıq və şəbəkələşmə imkanlarını genişləndirərək, onların beynəlxalq investisiya mühitində mövqelərini gücləndirməyə yardımcı olaraq faydalı platforma rolunu oynayıb.