“Ermənistan terrorçuları tərəfindən törədilən Bərdə qətliamının 4 ili tamam olur. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın münaqişə zonasından uzaq olan bir çox şəhər və rayonları düşmən tərəfindən atəşə məruz qalıb, dinc sakinlər həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə, Bərdə, Ağdam, Füzuli, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonları, Siyəzən, Kürdəmir şəhər və kəndləri raket atəşinə məruz qalıb. Bütün bunlar Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir”.

Bu sözləri İqtisadiyyat.az-a çıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat xatırladıb ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə raket hücumu edildi və nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

O söyləyib ki, Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl atmaqla beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına zidd olan hərəkətlərə əl atıb. “Dinc, mülki şəxslər hədəfə alınmaqla şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulub. Müharibə zamanı namərd atəşlər nəticəsində içərisində uşaq və qadınlarla birlikdə 100-ə yaxın mülki vətəndaş həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, 5000-dən çox ev isə dağıdılıb. Bütün bunlarda məqsəd Azərbaycan xalqının iradəsini, qələbə əzmini sındırmaq idi. Lakin Azərbaycan xalqı öz iradəsini, öz mərdliyini ortaya qoydu. Yenilməz Sərkərdə, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək mənfur düşməni diz çökdürməklə kapitulyasiya aktına imza atmağa məcbur etdi”.

“Ermənistan hakimiyyətinin hərbi cinayətlərinin bir nümunəsi də 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında olan milli-mədəni irsimizə, ekologiyaya qarşı törətdiyi vəhşilikdir. Ümid edirik ki, Ermənistan gec-tez hərbi cinayətlərinə görə cavab verəcək. Azərbaycan xalqı öz Prezidentinə inanır və anlayır ki, Ali Baş Komandan nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox gözəl bilir. Bizim xalqımız öz Prezidentinin ətrafında birləşməklə tarixi ədaləti bərpa edir” – deyə S.Hüseynova vurğulayıb.