Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi yekunlaşıb, hakim 15 il cəza verib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, onun cinayət işini Füzuli Rayon Məhkəməsinin hakimləri araşdırır.

Qanunun tələbinə uyğun olaraq Beqlaryan məhkəmədə dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmədə olanlar və iş materiallarında qeyd edilənlər tək-tək ona izah edilib.

R.Beqlaryan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulub. Cinayət işinin istintaqı Xidmətin İstintaq Baş İdarəsində aparılıb. Beqlaryan müharibə cinayətlərinin törədilməsində ittiham olunur. O, hələ ibtidai istintaq dövründə Xocalı soyqırımının törədilməsi ilə bağlı önəmli məlumatlar verib. 1992-ci ilin fevralın 26-da özünün də daxil olduğu silahlı birləşmələr tərəfindən 200 nəfərə kimi mülki azərbaycanlını xüsusi amansızlıqla güllələdiklərini etiraf edib.

Məhkəmənin əvvəlki iclaslarında da ətraflı danışıb. İstintaq zamanı məxfi məlumatlar əsasında Belaryanın hesabına Fransa Respublikasından 2 milyon avroya yaxın pul köçürüldüyü ortaya çıxıb. Özünün dediyinə görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər. Amma bu onun iddiasıdır.

Bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb.

Prosesin davamında prokuror ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Fuad Kazımov Raşid Beqlaryanın müharibə ilə bağlı olan və digər cinayətlərin törədilməsində təqsirli bilinərək, 17 il azadlıqdan məhrum edilməsini tələb edib.

Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini xahiş ediblər:

“Əsgər yoldaşımın başını kəsib, mənə qanını içirdiblər. Necə razılaşa bilərəm 17 illə. Ona ən ağır cəza verilməlidir”,- zərərçəkmişlərdən biri əlavə edib.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Beqlaryan özü də son sözündə ona yüngül cəza təyin edilməsini xahiş edib. Əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır.

Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Raşid Beqlaryan müharibə cinayətlərinin törədilməsində təqdirli bilinərək 15 il azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 62 yaşlı R.Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində sərhədi qanunsuz keçərkən saxlanılıb. DTX-nin vəsatəti əsasında barəsində həbs qətimkan tədbiri seçilib.