Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Anar Tağıyev Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt komitənin iclasında iştirak edib.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 22-23-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya alt komitəsinin 10-cu iclası keçirilib.

İclasda qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlıq, miqrasiya, sığınacaq və sərhədlərin idarə olunması, korrupsiyaya qarşı mübarizə və preventiv tədbirlər, fərdi məlumatların mühafizəsi və digər aidiyyəti məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

A.Tağıyev bu sahədə qəbul edilmiş milli fəaliyyət planları və onların icra vəziyyəti, çirkli pulların yuyulması və aktivlərin bərpası sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, bu sahədə beynəlxalq qurumlarla əməkdaşlıq və digər görülmüş işlər barədə məlumat verilib.