"Dövlət Vergi Xidməti dövlət və biznes əməkdaşlığına xüsusilə önəm verir və dövlət-biznes münasibətlərinin inkişaf etdirilməsindən ötrü Baş İdarənin tərkibində ixtisaslaşmış qaydada bu fəaliyyətin həyata keçirilməsi üçün sahibkar subyektləri ilə iş şöbəsi yaradılıb və ötən dövr ərzində 260-dan yuxarı sektorlar üzrə görüşlər həyata keçirilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, Dünya Bankı da bu əməkdaşlığı çox önəmli hesab edir və bunun davam etməsini dövlət qurumlarına tövsiyə edir: "Çünki hesabatda Dünya Bankının vergi indikatoru üzrə dövlətlərin vergi siyasətinin qiymətləndirilməsi həyata keçirilir. Bu, əsasən özünü üç faktorda göstərir. Əsas parametr ondan ibarətdir ki, vergi qaydalarının keyfiyyəti yüksək olmalıdır, vergi administrasiyasının təmin etdiyi xidmətlər olmalıdır və vergi yükü nəticə etibarilə vergi sisteminin səmərəliliyini təmin etməlidir. Vergi qaydalarının keyfiyyəti qaydaların tamlığının əhatəliliyini və vergi qaydalarının yaradılmasında şəffaflığı nəzərdə tutur. Biz nə qədər yaxşı qanunlar, qaydalar qəbul etsək belə, əgər onu təmin edə bilən infrastruktur və inzibatçılıq alətləri olmasa, o, tamlığına çata bilməz. Bu baxımdan vergi administrasiyasının təmin etdiyi xidmətlər bu mənada önəmlidir ki, həmin qaydalara, qanunlara səsləşən vergi inzibatçılığı təmin edilməlidir".

İsmayıl Bakuvi