Messini transfer etmək üçün bütün yolları sınayan "Barselona" çox maraqlı formul üzərində dayanıb.

Argentina yığması ilə 2022-ci il dünya çempionatını qazandıqdan sonra karyerasının ən böyük hədəfini reallaşdıran Lionel Messi PSJ ilə iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib. Əfsanəvi futbolçunun yeni mövsümdə hansı komandada forma geyinəcəyi  böyük maraqla gözlənilir. Barselonaya qayıtmaq istəyən Messinin transferində çox fərqli bir yol izlənilə biləcəyi bildirilir.

İqtisadiyyat.az Fransanın "L'Eqip" nəşrinə istinadən xəbər verir ki, Messi indiyədək yalnız bir rəsmi təklif alıb. Kriştianu Ronaldonun da yer aldığı Səudiyyə Ərəbistanı Liqasından bir komanda ulduz futbolçuya iki il ərzində 1,4 milyard avroluq təklif irəli sürərkən, Messi ailəvi səbəblərə görə bu təklifi qəbul etmək istəmədiyini göstərib və təklifə müsbət cavab verməyib.

"Barselona"ya qayıtmaq istədiyi bilinən Messi maliyyə problemlərinin həll etməsi üçün Kataloniya komandasının rəhbərliyinə vaxt ayırarkən, Joan Laporta rəhbərliyindəki "Barselona" Messinin transferi üçün maaş büdcəsini azaltmağa qərar verdikdən sonra, Serxio Busqets və Jordi Alba ilə yollarını ayırdı.

Buna baxmayaraq,  bu transferi həyata keçirməsi çətin görünən "Barselona"da yeni bir variant gündəmə gəlib.

"L'Eqip"dəki yazıya görə, Messi PSJ ilə müqaviləsi başa çatdıqdan sonra MLS komandasına transfer olunacaq və həmin komanda ilə müqavilə bağladıqdan dərhal sonra 6 və ya 18 ay müddətinə "Barselona"ya icarəyə veriləcək. Beləliklə, Messi yüksək formada daxil olmaq istədiyi "Copa America"ya qədər Avropada qalacaq və Amerika Kubokundan sonra karyerasını MLS-də davam etdirəcək.