Bu gün insanların həyatını kreditsiz təsəvvür etmək çətindir. Hazırda bu yazını oxuyanlar arasında da bankdan kredit götürmüş şəxslər mütləq ki, var. Kredit götürmək o qədər adiləşib ki, bu, həyat tərzimizə çevrilib desək, yəqin ki, yanılmarıq. Kredit götürənlərin sayının artığını təkcə bizim müşahidələrimiz demir. Mütəxəssislər də eyni fikirdədir.  
 
Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran iqtisadçı Eyyub Kərimli istehlak kreditinin ötən illə müqayisədə artdığını bildirib: “Buna bir neçə səbəb var. Bu səbəblərdən biri ötən il və bu il, ölkədə müşahidə olunan inflyasiya ilə bağlıdır. Vətəndaşların bəzi xərcləri artıb. İnsanların götürdüyü kredit məbləğinin də  faizi buna görə dəyişir və artır. Sözsüz ki, kredit maliyyə öhdəliyidir və hər bir insan kredit götürərkən onun üzərində müəyyən maliyyə məsuliyyətinin olduğunu nəzərə almalıdır”. 

Burada əsas məqam heç şübhəsiz bankların təklif etdiyi faizlərdir. Müştərilər faizləri aşağı olan bank axtarır, banklar isə məsuliyyətli müştəri axtarışındadırlar. İqtisadçı-ekspert Əkrəm Həsənov məhz bu məqama diqqət çəkib: “Banklar daha çox aylıq sabit gəliri olan müştəri tapmağa çalışırlar. Bank bilmək istəyir ki, müştəri vaxtı ilə götürdüyü kreditləri vaxtı vaxtında ödəyib, ya yox. Təbii ki, vətəndaş da daha aşağı faizlə kredit verən bank axtarır. Amma unutmayaq ki, daha aşağı faizlə kredit verən bankın tələbləri də daha çox olur”.  
 
Bank eksperti istehlak kreditlərinin artmasını psixoloji səbəblərlə də əlaqələndirir: “Biz istehlak cəmiyyəti dövründə yaşayırıq və insanlar çox istehlak etmək istəyir. Xalqımızın milli xüsusiyyətlərindən biri də bir-biri ilə yarışa girmək, bəhsə girməkdir. Düşünürlər ki, “onda varsa, məndə də olsun”, “qonşudan geri qalma” və s. Məhz bu cür fikirlərlə bəzən insanlar ölçüb-biçməyi bacarmır. Yəni yorğanına görə ayağını uzatmır”.  
 
Sosioloq Elçin Bayramlı da hesab edir ki, ehtiyac olmadığı halda kredit götürən vətəndaşların sayı çoxalıb: “Əvvəllər insanlar daha az əmlakla qənaətlənirdilər. Amma indi yaşayış normaları dəyişib. Banklar asanlaşdırılmış kreditlər təklif edir. Bu isə vətəndaşları kreditə şirnikləndirir. Bununla da götürülən kreditlər yekunda çox baha başa gəlir, bir çox problemlər yaradır, ailə münaqişələrinə, hətta boşanmalara gətirib çıxarır. Ağır kredit borcunu ödəyə bilməyən insanlar nələrisə satmağa məcbur olur. Bu bir növ insanların vəziyyətini ağırlaşdıraraq depressiyaya düşməsinə gətirib çıxarır”. 


 
İstehlak kreditlərinin artması Azərbaycanın bank sektorunun aktivlərinə də təsir edib. Artım 14 %-dir. İqtisadçı E.Kərimli götürülən kredit növləri arasında biznes kreditlərinin üstünlük təşkil etdiyini vurğulayıb: “Cari ilin birinci rübünün göstəricilərinə əsasən, ölkənin banklarında kredit portfeli 19 milyard manatdan çoxdur və bunun 53 %-ni biznes kreditləri təşkil edir. 30 %-ə yaxını istehlak kreditləri və 15 %-ə yaxını isə ipoteka kreditləşməsindən ibarətdir”. 


 
Bank üzrə ekspert Əkrəm Həsənov yalnız zəruri hallarda kredit götürülməsini tövsiyə edir: “Məsləhət görürəm ki, imkan daxilində kredit götürməyin. Doğrudur, məsələn, ev alırsan, yaxud, səhhətinə görə məcbur olursan, ya övladını oxutdurursan. Bu kimi hallar istisna olmaqla digər səbəblər üçün kredit götürülməsi tövsiyə etməzdim”.