2025-ci ilin birinci rübündə “Bank Respublika”nın depozit portfeli 10% faiz kiçilib. Bankın depozit portfeli 135,8 milyon manat azalaraq ötən ilin sonundakı 1 milyard 348 milyon 87 min manatdan 1 milyard 212 milyon 241 min manata düşüb.
İqtisadiyyat.az "Teleqraf"a istinadən xəbər verir ki, ilin 3 ayında “Bank Respublika”nın cəmi öhdəlikləri 2 milyard 38.5 milyon manat təşkil edib ki, bu da yanvarla müqayisədə 3.1% və ya 60.5 milyon manat çoxdur.
Bankın depozit portfelində ən çox azalma hüquqi şəxslərin vəsaitlərində baş verib. Hüquqi şəxslərin bankdakı vəsaitləri 2024-cü ilin sonundakı 711 milyon 842 min manatdan 2025-ci ilin birinci rübündə 595 milyon 893 min manata düşüb.
Fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 19.9 milyon manat azalaraq 616.4 milyon manata enib.
Bankın ticarət və qiymətli investisiya qiymətli kağızlar üzrə aktivləri eləcə də banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi azalıb.
2025-cü ilin martın 31-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə "Bank Respublika”nın faiz gəlirləri artaraq 65 milyon 817 min manat olub. Bunun 59 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunan faiz gəlirləridir. Yeri gəlmişkən, eyni vaxtda bank depozitlər üzrə faizlərə cəmi 11 milyon 547 min manat xərc çəkib.
“Bank Respublika”nın digər faiz gəlirləri azalıb, digər faiz xərcləri isə artıb. Beləliklə, 2024-cü ilin martın 31-dən 2025-ci ilin martın 31-nə qədər olan müddətdə bank cəmi 961 min manat xalis mənfəət əldə edib. Ümumilikdə bankın xalis mənfəəti 14 milyon 473 min manat olub. Xatırladaq ki, 2024-cü ilin birinci rübündə bankın xalis mənfəəti 13 milyon 512 min manat idi. Həmin vaxt bank 2023-cü ilin birinci rübü ilə müqayisədə 3 milyon 794 min manat xalis mənfəət əldə etmişdi.
Cari ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.9% və ya 62.4 milyon manat artaraq 2 milyard 238.9 milyon manata yüksəlib. İlin ilk 3 ayında “Bank Respublika”nın kredit portfeli 1.9% və ya 28 milyon manat artaraq 1 milyard 499.8 milyon manata bərabər olub. Beləliklə, bank bütün istiqamətini kredıtləşməyə yönəldib. Bu da bankda vaxtı keçmiş kreditlərin həcmini artırıb.
Bankın maliyyə hesabatından belə bəlli olur ki,1995 kredit xətti üzrə gecikmə var. Bu da 12 milyon 918 min manat gecıkmə deməkdir. Yeri gəlmişkən, kreditlərin böyük hissəsi Bakının payına düşür. Belə ki, bankın paytaxt üzrə kredit portfelinin həcmi 785 milyon 357 min manat təşkil edir. Bunun da 7 milyon 527 min manatının vaxtı keçib. Qısası 1995 sayda vaxtı keçmiş kreditin 1090 Bakıdadır.
Vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsünə gəlincə, gecikmələr əsasən istehlak kreditlərindədir. 5 milyon 381 min manat məbləğində kreditin vaxtı keçib.
Bankın istehlak kreditlərinin həcmi ümumilikdə 484 milyon 202 min manat təşkil edib. Bunun da 151 milyon 507 min manatı yaşayış sahələrinin alınmasına yönəldilib. 151 milyon 448 min manatı daşınmaz əmlakla təmin olunan kreditlərdir. Gecikmələr əsasən digər kreditlərdədir.