"BakuBus"ın avtobuslarında quraşdırılan pulsuz WiFi xidmətinin fəaliyyətini dayandırması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Sərnişinlər artıq bu şirkətə məxsus avtobuslarda pulsuz internetdən istifadənin mümkün olmadığını bildirirlər. Qeyd edilir ki, qoşulma zamanı "Wifi" işarəsi təqdim olunsa da, internet əlçatan deyil.

İqtisadiyyat.az məsələ ilə bağlı “BakuBus"a sorğu ünvanlayıb.

Şirkətin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, “BakuBus” üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır:

“Avtobuslarda  internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi, bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır. Buna görə də iqtisadi cəhətdən əsaslandırılmalı və bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaq”.

Gülşən Şərif