Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir.  Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. 

Reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.

Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.

Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək.

Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.