"Zəlzələ vulkan ocağının yaxınlığında baş verərsə, püskürmə hadisəsi baş verə bilər".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının alimi, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, yüksək bal gücünə malik olan zəlzələnin baş verməsi vulkanın püskürməsinə səbəb ola bilər. Alim deyib ki, vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlibsə, bu halda zəlzələ püskürməyə təkan verə bilir:

"Bu gün səhər saatlarında ölkə ərazisində baş verən zəlzələnin vulkanlarımıza təsirini öyrənmək üçün araşdırmaya ehtiyac var. Ona görə də yaxın vaxtlarda əməkdaşlarımız vulkanlar olan ərazilərə baş çəkəcəklər. Yalnız bundan sonra hansı vulkanlarda aktivləşmənin olduğunu söyləmək mümkündür. Ümumilikdə, yeraltı təkanların balı çox olarsa, uzun müddət yatmış, enerji toplamış palçıq vulkanlarına təsir edə bilər".

Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir. 

 

Gülşən Şərif