“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri başlanır.

Nazirlikdən İqtisadiyyat.az-a verilən məlumata görə, 22 və 24 aprel – 21, 28, 29, 30 may tarixlərini əhatə edəcək qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının Estrada ansamblı ayın 22-də Şamaxı Mədəniyyət Mərkəzində (saat 15:00) musiqisevərlərin qarşısına çıxacaq. Həmin gün Arslan Növrəslinin caz qrupu etno-caz konserti ilə Xaçmaz Mədəniyyət Mərkəzində (saat 15:00) çıxış edəcək.